---
title: "Elon Musk Apple şirkətini məhkəmə ilə hədələyib"
description: "Elon Musk, süni intellekt sahəsindəki startapı xAI tərəfindən hazırlanmış Grok adlı çat-bot tətbiqinin reytinqinin aşağı salınması ilə bağlı Apple-ı antiinhisar..."
article_id: 1141
locale: "az"
publisher: "Tech Xəbər"
canonical_url: "https://techxeber.az/az/article/elon-musk-apple-sirketini-mehkeme-ile-hedeleyib-68daae31ac4f04.32001299"
markdown_url: "https://techxeber.az/az/article/elon-musk-apple-sirketini-mehkeme-ile-hedeleyib-68daae31ac4f04.32001299.md"
published_at: "2025-08-12T15:37:05+04:00"
modified_at: "2026-11-18T10:55:24+04:00"
categories:
  - "Texnoloji İnkişaf"
keywords: ""
image: "https://techxeber.az/storage/articles/main/main_image_c561b020-6f6d-453f-931d-021408971a2b.jpg"
thumbnail_image: "https://techxeber.az/storage/articles/main/thumbnail/main_image_c561b020-6f6d-453f-931d-021408971a2b.webp"
audio: "https://techxeber.az/storage/articles/gallery/audio_04fc7910-9b45-4751-ac1f-1cee6e9e11b0.mp3"
alternate_languages:
  az:
    html: "https://techxeber.az/az/article/elon-musk-apple-sirketini-mehkeme-ile-hedeleyib-68daae31ac4f04.32001299"
    markdown: "https://techxeber.az/az/article/elon-musk-apple-sirketini-mehkeme-ile-hedeleyib-68daae31ac4f04.32001299.md"
source_links: []
---

# Elon Musk Apple şirkətini məhkəmə ilə hədələyib

![Elon Musk Apple şirkətini məhkəmə ilə hədələyib](<https://techxeber.az/storage/articles/main/main_image_c561b020-6f6d-453f-931d-021408971a2b.jpg>)

Elon Musk, süni intellekt sahəsindəki startapı xAI tərəfindən hazırlanmış Grok adlı çat-bot tətbiqinin reytinqinin aşağı salınması ilə bağlı Apple-ı antiinhisar qanunvericiliyini pozmaqda ittiham edərək şirkəti məhkəməyə verməklə hədələyib. "Apple elə hərəkət edir ki, süni intellekt sahəsində çalışan heç bir şirkət App Store-da birinci yerə çıxa bilmir və bu, antiinhisar qanunvericiliyinin açıq şəkildə pozulmasıdır. xAI şirkəti dərhal məhkəməyə müraciət edəcək" - deyə Musk özünün X sosial şəbəkəsindəki hesabında yazıb. "Niyə X və ya Grok-u 'Tövsiyə edilənlər' bölməsinə əlavə etməkdən imtina edirsiniz, əgər X dünyanın №1 xəbər tətbiqidir, Grok isə bütün tətbiqlər arasında ilk 5-dədir? Siyasətmi oynayırsınız?" - deyə o, digər paylaşımında qeyd edib.

Keçən il Apple, OpenAI ilə əməkdaşlıq və ChatGPT-nin iPhone, iPad və kompüterlərə inteqrasiyasını elan etmişdi. Həmin vaxt Musk xəbərdarlıq etmişdi: "Əgər Apple, OpenAI-ni əməliyyat sistemi səviyyəsində inteqrasiya etsə, mənim şirkətlərimdə Apple cihazları qadağan olunacaq. Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur". Bundan əvvəl Musk, Grok-un Google-u keçərək App Store-un pulsuz tətbiqlər siyahısında 5-ci olmasına sevinmişdi. Məlumata görə, ABŞ bölməsinin ən yaxşı pulsuz tətbiqlər siyahısında lider ChatGPT-dir; “Tövsiyə edilənlər” bölməsində isə ChatGPT yeganə çat-bot olaraq qalır.

Elon Musk, 2015-ci ildə həmtəsisçisi olduğu və ChatGPT-yə cavabdeh olan OpenAI şirkəti ilə uzunmüddətli münaqişə içindədir. O, 2018-ci ildə şirkətin idarə heyətindən ayrılıb və hazırda şirkəti məhkəməyə verərək iddia edir ki, OpenAI “bütün bəşəriyyətin xeyrinə” süni intellekt hazırlamaq missiyasından imtina edib. Musk-ın Apple-a ünvanladığı hədələrə OpenAI-nin baş direktoru Sam Altman cavab verib: “Eşitdiyimə görə, Elon X platformasında özünü və şirkətlərini üstün tutmaq, həmçinin rəqiblərinə və xoşuna gəlməyən şəxslərə zərər vermək üçün manipulyasiyalar aparır. Bu baxımdan onun bəyanatı diqqətəlayiqdir” - deyə Altman qeyd edib.
