Elm və Kosmos
Alimlər Günəşdən fərqli ulduz ətrafında yeni planetar sistemin yaranmasını müşahidə ediblər
17
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizBeynəlxalq astronomlar qrupu ilk dəfə olaraq Günəşdən fərqli bir ulduzun ətrafında planetlərin yaranmasının başlanğıc anını dəqiq şəkildə müşahidə edib. ALMA teleskopu və James Webb kosmik teleskopundan istifadə edən alimlər, planetlərin formalaşmasına səbəb olan maddələrin ilk hissəciklərinin yaranmasını, onların kristallaşmağa başladığı mərhələni izləyiblər. Bu kəşf planetar sistemin formalaşmasının ən erkən mərhələsində identifikasiya olunmuş ilk hadisədir. Araşdırmanın əsas müəllifi, Niderlandın Leyden Universitetinin professoru Melissa McClure bildirib: "Biz ilk dəfə Günəşdən fərqli bir ulduzun ətrafında planetlərin yaranmasının ən erkən anını müşahidə etdik."
Bu yeni doğulmuş planetar sistem HOPS-315 adlanan protoulduzun ətrafında formalaşır və bizdən təxminən 1300 işıq ili uzaqlıqda yerləşir. HOPS-315, gənc Günəşə bənzəyən bir ulduzdur. Belə gənc ulduzların ətrafında qaz və tozdan ibarət protoplanetar disklər tez-tez müşahidə olunur. Bu disklər yeni planetlərin "beşiyi" hesab edilir. Əvvəllər astronomlar bu cür disklərdə Yupiterə bənzər, yeni doğulmuş kütləvi qaz nəhəngi planetləri müşahidə etmişdilər. Lakin Melissa McClure qeyd edib ki, planetlərin ilk bərk hissəcikləri daha erkən mərhələlərdə yaranmalı idi.
Günəş sistemində ilk bərk material qədim meteoritlərdə mövcuddur. Bu meteoritlərdə kristallik mineralların kondensasiyası nəticəsində yaranmış silisium monooksid (SiO) kimi maddələr tapılmışdır. Astronomlar bu meteoritlərin yaşını təyin edərək Günəş sisteminin formalaşma vaxtını müəyyən ediblər. Zamanla bu bərk hissəciklər bir-birinə yapışaraq böyüyür və planetlərin formalaşması üçün əsas yaradır. Günəş sistemində Yerlə və ya Yupiterin nüvəsi ilə müqayisə edilə bilən planetlərin ilkin forması olan, təxminən 1 kilometr ölçüsündə bərk hissəciklər bu mineralların kondensasiyasından sonra yaranıb.
Astronomlar HOPS-315 ətrafındakı diskdə isti mineralların kondensasiyasına dair sübutlar aşkarlayıblar. Nəticələr göstərir ki, SiO gənc ulduzun ətrafında həm qaz halında, həm də kristallik mineral şəklində mövcuddur, bu da onun yalnız yeni-yeni bərkiməyə başladığını göstərir. "Bu proses daha əvvəl heç vaxt protoplanetar diskdə və ya ümumiyyətlə Günəş sistemimizin hüdudlarından kənarda müşahidə olunmayıb" - deyə ABŞ-ın Miçiqan Universitetinin professoru Edwin Bergin qeyd edib.
James Webb kosmik teleskopu vasitəsilə aşkarlanan mineralların dəqiq yerləşməsini müəyyən etmək üçün tədqiqat qrupu ALMA teleskopu ilə əlavə müşahidələr aparıb. Bu məlumatlar göstərir ki, kimyəvi siqnallar ulduzun ətrafındakı diskin, Günəş sistemindəki asteroid qurşağının orbitinə bərabər olan kiçik bir bölgəsindən gəlir. HOPS-315 diski kosmik tariximizi öyrənmək üçün mükəmməl bir model rolunu oynayır. Eyni zamanda bu müşahidələr planetlərin erkən formalaşma prosesini araşdırmaq üçün yeni imkanlar təqdim edir.