Elm və Kosmos
Astronomlar nadir ekzoplanet növünün yaranma sirrini açıb
47
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizABŞ-ın Yale Universitetindən olan alimlər nadir bir ekzoplanet növünün – “cüt isti Yupiterlər”in yaranmasını izah edən yeni bir nəzəriyyə irəli sürüblər. Bu planetlər cüt ulduz sistemlərində hər bir ulduzun ətrafında qaz nəhənglərinin dövr etməsi ilə xarakterizə olunur. Bu barədə araşdırmalar The Astrophysical Journal (TAJ) elmi nəşrində dərc olunub.
İsti Yupiterlər - öz ulduzlarına çox yaxın məsafədə dövr edən qaz nəhəngləridir və onlar yalnız 1% ulduz sistemlərində rast gəlinir. Lakin belə cüt planetlər, yəni hər iki ulduzun ətrafında bu tip planetlərin olduğu sistemlər isə astronomiyada çox nadir hesab olunur.
Alimlər NASA və ESA-nın kosmik missiyalarından əldə olunan məlumatlardan istifadə edərək bir sıra kompüter simulyasiyaları aparıblar. Tədqiqatın rəhbəri Malena Rays bildirib ki, “Biz müəyyən etdik ki, cüt sistemlərin uzunmüddətli təkamülü təbii şəkildə bu cür planet cütlərinin formalaşmasına səbəb ola bilər.”
Bu sirrin açılmasında əsas amil fon Tsaypel-Lidov-Kozay (ZLK) mexanizmi olub. Bu, orbitləri uzadılmış planetlərin qonşu ulduzun cazibə qüvvəsi təsiri altında tədricən öz ulduzlarına yaxınlaşdığı bir “qravitasiya rəqsi”dir. Rays əlavə edib: “Cüt sistemlərdə ikinci ulduz planetlərin orbitlərini deformasiya edə bilir və bu, onların ulduzlara doğru hərəkət etməsinə səbəb olur. Biz göstərdik ki, bu proses hər iki ulduz üçün simmetrik şəkildə baş verə bilər.”
Araşdırma həmçinin paradoksu da izah edib: nəhəng planetlər, adətən, ulduzlardan uzaqda formalaşmalı olduğu halda, necə olur ki, bu qədər yaxın məsafədə yerləşirlər. Bu yeni nəzəriyyə, bu fenomenin mexanizmini daha yaxşı anlamağa kömək edir və planetlərin yaranması ilə bağlı mövcud elmi bilikləri zənginləşdirir.