İnnovasiya və Startaplar
Azərbaycanda yaradılan HackathonHost hakatonların idarəsini vahid platformada birləşdirir
...
Redaksiya
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTECH XƏBƏR redaksiyası olaraq Azərbaycanda yaranan texnoloji startapları və yeni məhsulları oxucularımıza tanıtmağa davam edirik. Yerli startap ekosisteminin inkişafına dəstək çərçivəsində bu dəfə hakaton, “game jam” və “demo-day” tədbirlərinin idarə olunmasını vahid sistemdə birləşdirən HackathonHost layihəsindən danışırıq.
HackathonHost təşkilatlara tədbirlərini kənar agentliyə həvalə etmədən, öz brendləri altında idarə etməyə imkan verən “white-label” platformadır.
Sistem qeydiyyatdan komanda formalaşdırılmasına, münsiflərin qiymətləndirməsindən təqdimatların idarə edilməsinə, nəticələrdən sertifikat və hesabatların hazırlanmasına qədər tədbirin əsas mərhələlərini bir platformada birləşdirir.
Layihənin müəllifi “Gamepons”un həmtəsisçisi və “IGDA Azerbaijan”ın rəhbəri İlqar Əlirzayevdir. Onun sözlərinə görə, HackathonHost ideyası məhz hakaton və “game jam” tədbirlərini təşkil edərkən qarşılaşdığı praktiki problemlərdən yaranıb.
Adətən belə tədbirlərin təşkili zamanı qeydiyyat formaları, iştirakçı və komanda cədvəlləri, münsiflərin qiymətləndirmə sənədləri, taymerlər, sertifikatlar və hesabatlar müxtəlif alətlər arasında bölünür. HackathonHost-un yanaşması isə bütün bu prosesi vahid idarəetmə mühitində toplamaqdır.
Tədbirin bütün mərhələləri bir sistemdə
Platformada təşkilatçı öz qeydiyyat formasını yarada, komandaların formalaşmasını idarə edə, mentor və münsiflər üçün ayrıca girişlər aça və qiymətləndirmə meyarlarını müəyyən edə bilir.
Tədbir zamanı təqdimatlar üçün taymerlər, real vaxt rejimində münsif qiymətləndirməsi, mentor rəyləri, QR qeydiyyatı, sorğular və böyük ekranlar üçün xüsusi görünüşlərdən istifadə etmək mümkündür.
Tədbirdən sonra isə nəticələr, liderlər cədvəli, mükafatlar, yoxlanıla bilən PDF sertifikatları, iştirakçı sorğuları və müxtəlif formatlarda hesabatlar hazırlana bilir.
Platformanın əsas xüsusiyyətlərindən biri onun “white-label” olmasıdır. Yəni iştirakçı qarşısında HackathonHost brendi deyil, tədbiri keçirən təşkilatın adı, loqosu və vizual üslubu görünür.
İştirakçı sayına görə deyil, tədbirə görə ödəniş
HackathonHost iştirakçı başına ödəniş modelindən istifadə etmir.
Təşkilatçı tədbiri əvvəlcə pulsuz şəkildə hazırlaya və qaralama rejimində saxlaya bilər. Tədbirin dərc olunması isə bir “event credit” tələb edir. Bundan sonra qeydiyyat, münsiflik, sertifikatlar, e-poçtlar, sorğular və hesabatlar daxil olmaqla funksiyalar aktivləşir.
Bu modeldə 40 nəfərlik tədbirlə 400 nəfərlik tədbir arasında iştirakçı sayına görə əlavə ödəniş fərqi yaranmır.
Artıq real tədbirlərdə istifadə olunub
Layihənin təqdim etdiyi məlumata görə, HackathonHost artıq Turkic Game Jam 2026 Azerbaijan və OYU Gamedev Bootcamp tədbirlərində istifadə olunub.
Platforma həmçinin Beynəlxalq Oyun Tərtibatçıları Assosiasiyası — IGDA ilə əməkdaşlıq qurduğunu bildirir.
HackathonHost məlumatların minimum səviyyədə toplanması, istifadəçinin öz məlumatlarını görə və silə bilməsi, köhnə qeydlərin anonimləşdirilməsi və şifrələnmiş ehtiyat nüsxələri kimi mexanizmlərin də sistemə daxil edildiyini qeyd edir.
İnterfeys hazırda ingilis və rus dillərində işləyir. Layihənin planına əsasən, biometrik giriş, “push” bildirişləri və QR skanlama imkanlarını dəstəkləyən iOS və Android tətbiqlərinin də sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycandan tədbir texnologiyaları istiqamətində yeni məhsul
HackathonHost-un yanaşmasının əsas fərqi tədbirin təşkilini öz üzərinə götürmək deyil, təşkilatçıya bunu özü idarə etmək üçün infrastruktur təqdim etməkdir.
Bu baxımdan layihə təkcə hakatonlar üçün deyil, universitetlərin, akseleratorların, texnologiya şirkətlərinin və digər təşkilatların keçirdiyi müsabiqə və “demo-day” formatlı tədbirlər üçün də istifadə oluna biləcək bir məhsul kimi inkişaf etdirilir.
Platforma hazırda hackathonhost.com üzərindən əlçatandır.
TECH XƏBƏR Azərbaycanda yaradılan texnoloji məhsulları, startapları və onların inkişafını izləməyə davam edəcək.