Elm və Kosmos
Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirildi
35
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz2-6 oktyabr 2023-cü il tarixində, 50 ildən sonra yenidən Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər. Bu tədbir, 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhərinin konqresə ev sahibliyi etmək hüququnu qazanmasından sonra reallaşıb.
74-cü konqres Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə təşkil olunub və çərçivəsində müxtəlif konfranslar, 190-dan çox texniki sessiya və sərgilər keçirilib. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorların və özəl kosmik şirkətlərin nümayəndələri, həmçinin yerli və beynəlxalq media təmsilçiləri iştirak ediblər. Ümumi mövzu “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” olub. Bu mövzu çərçivəsində kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllər müzakirə edilib.
Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilən 8000 kvadrat metrlik sərgi pavilyonunda 36 ölkədən 150 kosmik qurum və şirkətin stendləri nümayiş olunub. Konqresə ümumilikdə 95 ölkədən 3600 elmi məqalə təqdim edilib ki, bu da Beynəlxalq Astronavtika Konqresi tarixində ölkə sayı baxımından rekord göstərici olub. Azərbaycan 214 məqalə ilə iştirak edərək ABŞ, İtaliya, Hindistan və Çindən sonra ən çox elmi məqalə təqdim edən ölkə kimi beşinci yeri tutub.
Bakı Konqresi, həmçinin sponsorluq paketlərinin sayına görə rekord göstərici əldə edib. Tədbirə 22 şirkət sponsorluq edib ki, bu da son beş ölkədə keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici olub. Bundan əlavə, “IAC” tarixində ilk dəfə olaraq Bakı Konqresində 132 dövlətdən nümayəndələr iştirak edib. Tədbirə qatılan 5404 nümayəndənin 50%-ni 35 yaşa qədər olan gənclər təşkil edib.
Bakı Konqresində ilk dəfə olaraq ABŞ və Afrika nümayəndələri ilə dəyirmi masalar keçirilib. Həmçinin, 55 təşkilat eyni vaxtda – məhz Bakı Konqresi zamanı Beynəlxalq Astronavtika Federasiyasına üzv olub. Bu nailiyyətlər Bakı Konqresini “IAC” tarixində unikal və yaddaqalan tədbirə çevirib.