Elm və Kosmos
Çanqe-6 missiyası Ayın mantiyasının yenidən əriməsinin mümkün izlərini aşkar edib
18
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇin alimləri Çanqe-6 missiyası çərçivəsində Ayın cənub qütbündə yerləşən Cənub Qütbü-Eytken kraterindən gətirilmiş qədim vulkanik bazalt nümunələrini araşdıraraq maraqlı nəticələrə gəliblər. Onlar bu nümunələrin izotop tərkibini analiz edərək Ayın mantiyasının bəzi hissələrinin onun formalaşmasının ilkin dövrlərində yenidən əridiyini aşkar ediblər. Bu prosesin, ehtimal ki, Ayın səthində nəhəng bir krater yaradan asteroidin düşməsi ilə əlaqəli olduğu bildirilib.
Çin Elmlər Akademiyasının məlumatına görə, alimlər tərəfindən aparılan geokimyəvi analizlər göstərir ki, Ayın cənub qütbündən götürülən nümunələrdə "uyğunsuz" elementlərin rekord dərəcədə az miqdarı müşahidə olunub. Bu elementlər, əsasən, maqma bərkiyərkən onun tərkibindən "qaçmağa" meylli olan, böyük radius və ya yüklü ionlara malik elementlərdir. Belə bir xüsusiyyət bu elementlərin kristallaşma prosesində son mərhələdə iştirak etdiyini göstərir. Bu isə öz növbəsində, süxurların yaşını və mənşəyini müəyyən etməyə imkan verir.
Çinli alimlər, xüsusən, bu süxurların Ayın mantiyasının yuxarı təbəqələrinin yenidən əriməsi nəticəsində "uyğunsuz" elementlərin əksəriyyətini itirdiyini ehtimal edirlər. Bu prosesin təxminən 4,2-4,3 milyard il əvvəl 2500 kilometr diametrə malik Cənub Qütbü-Eytken kraterini yaradan asteroid və ya proto-planetin təsiri ilə baş verdiyi güman edilir. Bununla yanaşı, alimlər Ayın mantiyasının bəzi təbəqələrinin ilkin olaraq "uyğunsuz" elementlərdən məhrum süxurlardan formalaşmış ola biləcəyini də istisna etmirlər. Bu nəticə Ayın formalaşması barədə mövcud elmi nəzəriyyələri yenidən nəzərdən keçirməyə səbəb ola bilər.
Çanqe-6 missiyası haqqında Çin 2024-cü ilin may ayında Çanqe-6 avtomatik kosmik stansiyasını kosmosa göndərdi. Missiyanın əsas məqsədi Ayın görünməyən tərəfinin səthindən torpaq nümunələri toplamaq idi. Nümunələr Ayın Cənub Qütbü-Eytken hövzəsində yerləşən Apollon kraterindən götürüldü. İyun ayında Çanqe-6 Ayın görünməyən tərəfini tərk edərək topladığı nümunələri Yerə gətirdi. Qəza kapsulu Çinin şimalında, Daxili Monqolustan muxtar ərazisində uğurla yerə endi. Bu missiya alimlərə Ayın görünən və görünməyən tərəfləri arasındakı fərqlərin səbəblərini daha yaxşı başa düşməyə kömək edəcək dəyərli məlumatlar təqdim etdi.