Süni İntellekt
Çin süni intellekt üzrə beynəlxalq təşkilat qurmağı təklif edir
20
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇin süni intellekt sahəsində qlobal əməkdaşlığı təşviq etmək məqsədilə beynəlxalq təşkilat qurmağı təklif edib. Bu təşəbbüs Çinin, xüsusən ABŞ-la rəqabət şəraitində, süni intellekt sahəsində lider mövqeyə yüksəlmək niyyətini nümayiş etdirir.
Çin Baş Naziri Li Çyan bu təklifi Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında açıqlayıb. O bildirib ki, süni intellekt sahəsində sürətlə irəliləyən Çin, bu texnologiyanın qlobal tənzimlənməsində iştirak etmək və öz təcrübəsini digər ölkələrlə bölüşmək istəyir. "Süni intellekt yalnız bir neçə ölkə və şirkətin inhisarına çevrilməməlidir", – deyən Li Çyan, ABŞ-ın Çinə tətbiq etdiyi texnoloji məhdudiyyətlərə dolaylı işarə edib.
Li əlavə edib ki, Çin süni intellektin istifadəsinin hər bir ölkə və şirkət üçün bərabər hüquqlarla açıq olmasını təmin etmək niyyətindədir. Xüsusilə "Qlobal Cənub" ölkələrinə öz təcrübəsini və məhsullarını paylaşmağa hazır olduğunu vurğulayıb. "Qlobal Cənub" anlayışı əsasən inkişaf etməkdə olan və ya aşağı gəlirli ölkələrə aiddir.
Eyni zamanda, ABŞ bu həftə süni intellekt üzrə yeni strategiya sənədini təqdim edib. Bu sənəddə, ABŞ texnologiyalarının müttəfiqlərə ixracını genişləndirmək və bu sahədə üstünlüyünü qorumaq niyyətində olduğunu bəyan edib.
Li Çyan qeyd edib ki, süni intellekt üzrə qlobal idarəetmə sistemi hələ də parçalanmış vəziyyətdədir. O vurğulayıb ki, tənzimləmə prinsipləri və institusional yanaşmalar arasında ciddi fərqlər var. "Daha geniş konsensus əsasında vahid qlobal idarəetmə çərçivəsi formalaşdırılmalıdır," – deyə o əlavə edib.
Çin Xarici İşlər nazirinin müavini Ma Zhaoxu isə bildirib ki, təklif olunan təşkilat süni intellekt sahəsində praqmatik əməkdaşlığı təşviq edəcək. Təşkilatın qərargahının Şanxayda yerləşməsi nəzərdən keçirilir.
Bu təşəbbüsü dəstəkləmək üçün Çin, 30-dan çox ölkənin, o cümlədən Rusiya, Cənubi Afrika, Qətər, Cənubi Koreya və Almaniyanın nümayəndələrinin iştirak etdiyi dəyirmi masa təşkil edib. Tədbirdə Çin süni intellekt üzrə qlobal idarəetmə üçün fəaliyyət planını təqdim edib və hökumətləri, beynəlxalq təşkilatları, eləcə də tədqiqat qurumlarını əməkdaşlığa çağırıb.