Elm və Kosmos
Dövlət Maliyyəsində Şəffaflıq Üçün Yeni Rəqəmsal Sistem Yaradılır
31
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizPrezident İlham Əliyev dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və effektivliyi artırmaq məqsədilə yeni fərman imzalayıb. Fərmana əsasən, “Rəqəmsal Dövlət Maliyyəsi” adlı informasiya sisteminin yaradılması nəzərdə tutulub. Bu sistem dövlət maliyyə resurslarının daha səmərəli və şəffaf idarə olunmasına xidmət edəcək.
Yeni sistem vasitəsilə Maliyyə Nazirliyinin fəaliyyət sahələrinə aid olan büdcə, vergi, gömrük, dövlət rüsumları, dövlət mülkiyyətindəki hüquqi şəxslərin dividendləri və digər büdcə daxilolmaları izlənəcək. Bundan əlavə, audit, mühasibat uçotu, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı və dövlət borcu kimi sahələr də sistemə inteqrasiya ediləcək.
Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay ərzində Maliyyə Nazirliyinin təklifləri əsasında dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsini təmin etmək üçün lazımi tədbirlər görsün. Həmçinin fərmandan irəli gələn digər məsələlər də həll edilməlidir.
Maliyyə Nazirliyi aşağıdakı istiqamətlər üzrə təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək:
- Ölkə qanunlarının və Prezident aktlarının təkmilləşdirilməsi;
- “Rəqəmsal Dövlət Maliyyəsi” informasiya sisteminin əsasnaməsinin layihəsi;
- Dövlət mülkiyyətində olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin monitorinqi və təhlili;
- Dövlət vəsaitinin təyinatı üzrə istifadəsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi;
- Dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi siyasəti.
Bundan əlavə, Maliyyə Nazirliyi dövlət vəsaiti hesabına həyata keçirilən investisiya layihələrinin maliyyə ekspertizasını təmin etməli və dövlət satınalmalarının elektron müqavilələr əsasında icrasını təşkil etməlidir. Dövlət büdcəsindən maliyyələşən xərclərin normativlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər də həyata keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət informasiya ehtiyatlarının inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı tədbirləri icra etməlidir. Azərbaycan Mərkəzi Bankına isə “Banklar haqqında” qanunun tələblərinə uyğun olaraq fərmandan irəli gələn məsələlər üzrə tədbirlər görmək tövsiyə edilib.
Bu qərarlar, ölkədə dövlət maliyyəsinin idarə edilməsində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.