Texnoloji İnkişaf
Dövlət qurumlarının İT sistemləri “Hökumət buludu”na köçürülür
19
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizAzərbaycan Respublikasında İT infrastrukturların modernləşdirilməsi istiqamətində mühüm addımlar atılmağa davam edir. Bu çərçivədə, Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 718 nömrəli Fərmanının icrası sürətləndirilib. Son olaraq, Diasporla İş üzrə Dövlət Komitəsi öz informasiya sistemlərini “Hökumət buludu”na köçürüb. Komitənin bütün ehtiyatları və məlumat sistemləri tam şəkildə Bakı Əsas Data Mərkəzinə yerləşdirilib. Bu barədə “AzInTelecom” MMC məlumat yayıb.
“AzInTelecom” MMC tərəfindən Dövlət Komitəsinə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim edilib. Bu isə quruma kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu təmin edir. Dövlət qurumlarının İT sistemlərinin vahid mərkəzdə toplanması həm xərclərin azaldılmasına, həm də informasiya təhlükəsizliyinin təkmilləşdirilməsinə imkan yaradır.
“Hökumət buludu” layihəsi AZCON Holding-in bir hissəsi olan “AzInTelecom” MMC tərəfindən həyata keçirilir. Layihə çərçivəsində dövlət qurumlarının Bakı Əsas və Yevlax Ehtiyat Data Mərkəzlərinə tam və ya qismən miqrasiyası icra olunur. Bu miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində vahid mərkəzdə saxlanılır və 24/7 rejimində monitorinq xidmətləri ilə təkmilləşdirilmiş təhlükəsizlik təmin edilir.
Layihənin məqsədi dövlət qurumlarının İT sistemlərini daha effektiv, təhlükəsiz və iqtisadi baxımdan sərfəli bir mühitə köçürməkdir. Bu cür addımlar həm informasiya texnologiyalarının inkişafına, həm də dövlət idarəçiliyinin modernləşdirilməsinə mühüm töhfə verir.