Google və TotalEnergies, Ohayoda yerləşən Montpelier günəş fermasından 1.5 TWh sertifikatlı bərpa olunan enerjinin ötürülməsini təmin edən 15 illik Enerji Alış Razılaşması (PPA) imzalayıblar. Razılaşma, Google-un Ohayodakı məlumat mərkəzlərini təmiz enerji ilə təmin edəcək. TotalEnergies-in verdiyi məlumata görə, Montpelier günəş ferması yaxın zamanda fəaliyyətə başlayacaq və PJM enerji şəbəkəsinə qoşulacaq.
Google-un Təmiz Enerji və Güc Direktoru Will Conkling bu razılaşmanın rəqəmsal infrastrukturun dayanıqlığını artırdığını vurğulayıb: 'Etibarlı və təmiz enerji ilə şəbəkəni gücləndirmək, həm bizneslər, həm də fərdlər üçün vacibdir.'
TotalEnergies-in Qaz, Bərpa Olunan Enerji və Güc üzrə Prezidenti Stéphane Michel isə bu razılaşmanın şirkətin böyük texnologiya firmalarının artan enerji tələbatını qarşılamaq bacarığını sübut etdiyini bildirib: 'Bu addım həm də TotalEnergies-in bərpa olunan enerji portfelini genişləndirmək məqsədinə xidmət edir.'
Şirkət ABŞ-da 10 GW-lıq bərpa olunan enerji portfeli qurur, bu portfelə günəş, külək və batareya saxlama layihələri daxildir. PJM bazarında 1 GW, Texasda isə 4 GW-lıq layihələr həyata keçirilir. TotalEnergies daha öncə Amazon, Microsoft və Orange kimi nəhəng korporasiyalarla da oxşar razılaşmalar imzalayıb.


