Elm və Kosmos
NASA-nın İyul Ayı Üçün Göyüzü Müşahidə Tövsiyələri
16
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizNASA, hər ay təqdim etdiyi göyüzü müşahidəsi tövsiyələrinin iyul buraxılışını açıqlayıb. Bu ay göyüzündə bir çox maraqlı hadisələr baş verəcək.
İyul ayında Merkuri, Mars, Saturn, Venera və Yupiter planetlərini müşahidə etmək üçün əla fürsət yaranır. Merkuri, ayın ilk həftəsində gün batımından sonra qısa müddət ərzində görünəcək. Günəş batdıqdan 30-45 dəqiqə sonra qərb üfüqünə baxaraq Merkuri planetini tapmaq mümkündür. Lakin Merkuri bir saat ərzində üfüqdə yox olur, buna görə onu diqqətlə izləmək lazımdır.
Mars isə qaranlıq düşdükdən sonra təxminən bir-iki saat ərzində görünəcək. NASA-nın verdiyi məlumata görə, Mars göyüzündə hər gün bir az daha aşağıya doğru hərəkət edəcək və ay boyunca bir az daha solğun görünəcək. Ayın 28-də isə hilal ay Marsın yanında görsənəcək.
Bu ay həmçinin Marsın ilk uğurlu uçuşunun 60-cı ildönümü qeyd olunur. NASA-nın Mariner 4 kosmik gəmisi Marsın üzərindən uğurla keçərək başqa bir planetin ilk fotolarını Yerə göndərmişdi.
Saturn bu ay gecənin gec saatlarında üfüqdə görünməyə başlayacaq və dan yeri sökülənə qədər cənub istiqamətində yüksəkdə müşahidə oluna biləcək. Günəş sistemimizin ən böyük ikinci planeti olan Saturn, həm də halqaları ilə məşhurdur.
Venera, digər adı ilə "səhər ulduzu", iyul ayı boyunca parlaq şəkildə görünəcək. Lakin onu görmək üçün erkən qalxmaq lazımdır, çünki Venera yalnız gün doğumundan bir neçə saat əvvəl, şərq üfüqündə görünür.
Yupiter isə gün çıxmazdan bir saat əvvəl üfüqdə görünməyə başlayacaq və hər keçən gün bir az daha yüksəkdə müşahidə ediləcək.
NASA həmçinin bildirir ki, iyul və avqust ayları Aquila (Qartal) bürcünü görmək üçün əla zamandır. Bu bürcün ulduz naxışı uçan qartala bənzəyir. Aquila, gecənin ilk yarısında göyüzündə yüksəkdə görsənir. Onu tapmaq üçün əvvəlcə ən parlaq ulduzu Altairi müəyyən etmək lazımdır. Altair, yay üçbucağını təşkil edən üç parlaq ulduzdan biridir və üçbucağın cənub küncündə yerləşir.
Daha ətraflı məlumat üçün NASA-nın təqdim etdiyi videonu izləyə bilərsiniz. Video həmçinin planetlərin və bürclərin necə tapılacağını izah edən faydalı şəkillər də təqdim edir.