Nazir müavini: Dünya üzrə kibercinayətkarlığın zərəri trilyon dollarlarla hesablanır
31
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizDünya üzrə kibercinayətkarlığın iqtisadiyyata, dövlətə və cəmiyyətə vurduğu zərər trilyon dollarlarla ölçülür. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” məzun günündə məlumat verib.
Nazir müavini bildirib ki, “Statista” platformasının hesablamalarına əsasən, kibercinayətkarlığın dünya üzrə ümumi zərəri 2025-ci ildə 10 trilyon dollar səviyyəsində proqnozlaşdırılır. O, əlavə edib ki, bu rəqəmin 2029-cu ilə qədər 16 trilyon dollara yüksələcəyi ehtimal olunur. “Kibercinayətkarlar həm özəl, həm də dövlət sektorlarını hədəf ala bilər. Bu isə o deməkdir ki, heç bir qurum kiberhücumlardan tam sığortalanmayıb. Buna görə də, şirkətlərdə, dövlət qurumlarında və xüsusilə ölkəmiz üçün vacib olan müəssisələrdə kibertəhlükəsizlik üzrə insan kapitalının artırılması, lisenziyalı proqram təminatlarının və antivirus proqramlarının istifadəsi xüsusi əhəmiyyət daşıyır,” - deyə Məmmədov vurğulayıb.
Məmmədov qeyd edib ki, Azərbaycanın informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevrilib. O, xatırladıb ki, 2023-cü il avqustun 28-də Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” çərçivəsində mühüm işlər həyata keçirilib. Bu tədbirlər nəticəsində Azərbaycan 2024-cü il üzrə Qlobal Kibertəhlükəsizlik İndeksində “təkmil səviyyə” kateqoriyasında yer alaraq 100 mümkün xaldan 93,76 xal toplayıb.
Strategiya çərçivəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsi də prioritet hədəflərdən biri kimi müəyyən olunub. Məmmədov bildirib ki, bu istiqamətdə görülən işlər Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına töhfə verib.