Texnoloji İnkişaf
Neuralink çipini əldə etmiş qadın düşüncə gücü ilə öz adını yazdı
23
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizABŞ vətəndaşı olan Audrey Crews, 16 yaşında hərəkət qabiliyyətini tamamilə itirmişdi. 20 il sonra isə o, Elon Musk-ın Neuralink şirkətinin yaratdığı neyrointerfeys texnologiyası sayəsində yenidən öz adını yazmağı bacarıb. Bu prosesdə Crews, əllərindən istifadə etmədən, yalnız beynindən kompüterə ötürülən siqnallar vasitəsilə yazı yazıb.
Audrey Crews, Neuralink-in beyin çipi implant edilən ilk qadın olub. Əməliyyat Mayami Universitetinin tibbi mərkəzində həyata keçirilib. Əməliyyatdan bir neçə həftə sonra Audrey noutbuk ekranında öz adının — “Audrey” — bənövşəyi hərflərlə yazıldığı bir şəkil paylaşıb. Bütün proses yalnız düşüncə gücü ilə idarə edilib. Audrey PRIME proqramına qoşulub. Bu proqram beyindən rəqəmsal cihazlara siqnalların ötürülməsi üçün nəzərdə tutulmuş neyrointerfeys texnologiyasının sınaq mərhələsidir.
Audrey əməliyyat haqqında bunları deyib: “Mənim beynimdə əməliyyat apardılar. Kəllə sümüyündə bir dəlik açdılar və 128 ədəd ipliyi hərəkət korteksinə yerləşdirdilər. Çipin ölçüsü təxminən 25 sentlik sikkə boydadır.” O əlavə edib ki, bu qurğu fiziki hərəkət qabiliyyətini bərpa etmir. Onun əsas məqsədi texnikayla birbaşa əlaqə qurmaq imkanı yaratmaqdır. Audrey-nin sözlərinə görə, bu, son 20 il ərzində ilk dəfədir ki, o, mətn yığmağı müstəqil şəkildə bacarıb.
Neuralink-in bu uğuru beynin siqnallarını oxumaq və onları rəqəmsal cihazlara ötürmək sahəsində mühüm bir addım hesab olunur. Texnologiya, gələcəkdə neyrointerfeyslərin daha geniş tətbiqi üçün perspektivlər açır.