Texnoloji İnkişaf
Nvidia çiplərinin Çinə qaçaq yollarla çatdırılması qalmaqalı
14
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizNvidia-nın qabaqcıl süni intellekt çipləri, ABŞ hökumətinin sərtləşdirdiyi ixrac məhdudiyyətlərinə baxmayaraq, son üç ay ərzində qanunsuz yollarla Çinə sızdırılıb. Financial Times-ın (FT) apardığı araşdırmaya görə, bu çiplərin ümumi dəyəri 1 milyard dollardan artıqdır və bu hadisə ABŞ-ın texnologiya ixracına dair məhdudiyyətlərinin effektivliyini sual altında qoyur.
FT-nin əldə etdiyi sənədlər və müqavilələrə əsasən, Nvidia B200 modeli, OpenAI, Google və Meta kimi nəhəng texnologiya şirkətlərinin istifadə etdiyi qabaqcıl süni intellekt prosessorlarından biri, Çində qara bazarın ən çox tələb olunan məhsuluna çevrilib. Halbuki ABŞ hökuməti bu çipin Çinə satışını tam şəkildə qadağan edib.
Araşdırma göstərir ki, Çinin Guangdong, Zhejiang və Anhui əyalətlərində fəaliyyət göstərən distribyutorlar yalnız B200 deyil, həmçinin H100 və H200 kimi digər qadağan olunmuş Nvidia çiplərini də qanunsuz şəkildə data mərkəzlərinə təqdim edirlər. Bu məhsullar Çinə gömrük rüsumları ödənilməklə daxil olsa da, onların ABŞ-dən ixracı qanunsuz hesab olunur.
Nvidia isə bu məsələdə hər hansı bir əlaqəsinin olmadığını bildirərək bəyan edib: “Qanunsuz yollarla əldə edilmiş məhsullardan istifadə edərək data mərkəzi qurmaq həm texniki, həm də iqtisadi baxımdan uğursuzluğa məhkumdur. Bu çiplər yalnız bizim rəsmi məhsullarımıza dəstək verilir.”
Araşdırmada “Gate of the Era” (Dövrün Qapısı) adlı Anhui mənşəli bir şirkət bu çiplərin əsas satışçılarından biri kimi göstərilib. Bu şirkət 2024-cü ilin fevralında təsis edilib. Şirkət B200 çiplərini data mərkəzlərinə birbaşa qoşula biləcək rack-lar şəklində – hər biri 8 çip və lazımi avadanlıq daxil olmaqla – satır. Bu rack-ların qiyməti 3–3.5 milyon yuan (təxminən 489 min dollar) arasında dəyişir. Bu, ABŞ bazarındakı qiymətlə müqayisədə təxminən 50 faiz daha yüksəkdir.
FT-nin məlumatına görə, “Gate of the Era” şirkəti son aylarda 400 milyon dollardan çox satış həyata keçirib. Satılan rack-ların bir çoxunun ABŞ mənşəli Supermicro şirkətinə məxsus olduğu müəyyən edilib. Supermicro isə bütün ixrac nəzarət qaydalarına əməl etdiyini və məhsulların Çinə qaçaq yollarla çatdırılmasından xəbərsiz olduğunu bildirib.
“Gate of the Era” şirkətinin əsas səhmdarı, Şanxayda yerləşən “China Century” (Huajiyuan) adlı süni intellekt həlləri təqdim edən şirkətdir. Şirkətin veb saytında AliCloud, ByteDance və Baidu Cloud kimi nəhəng texnologiya firmaları tərəfdaş kimi göstərilib. Lakin FT bu şirkətlərlə əlaqə saxladıqdan sonra ByteDance-ə məxsus Huoshan Cloud bu siyahıdan çıxarılıb. “China Century” isə Nvidia məhsullarının alqı-satqısında iştirak etmədiyini bildirib.
Bu hadisə ABŞ-ın texnologiya ixracına dair məhdudiyyətlərinin real təsir imkanlarını yenidən gündəmə gətirir. Sanksiyaların tətbiqi texnoloji qaçaqmalçılığı daha da gəlirli edir və qara bazar mexanizmlərinin qlobal miqyasda nə qədər güclü işlədiyini nümayiş etdirir.