Qara dəliklərin ən böyük birləşməsi qeydə alındı - Tech Xəbər

Elm və Kosmos

Qara dəliklərin ən böyük birləşməsi qeydə alındı

8
Link kopyalandı

14

15.07.2025, 06:45

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Beynəlxalq alimlər qrupu, Lazer İnterferometrik Qravitasiya-Dalğa Rəsədxanası (LIGO) layihəsi çərçivəsində, kosmik məkanda indiyədək qeydə alınmış ən böyük qara dəlik birləşməsini aşkar edib. Bu hadisə Yer kürəsindən 10 milyard işıq ili uzaqlıqda baş verib. Bu barədə məlumatı Britaniyanın "The Guardian" qəzeti yayıb.

Layihədə iştirak edən alimlərdən biri, Kardiff Universitetinin Qravitasiya Araşdırmaları İnstitutunun rəhbəri Mark Hennam bildirib ki, "Bu, Kainatda müşahidə edə biləcəyimiz ən güclü hadisələrdir. Lakin bu siqnallar Yerə çatanda, bizim ölçə biləcəyimiz ən zəif siqnallardan biri olur."

Hadisə qravitasiya dalğalarını aşkar edən yüksək həssas detektorlar vasitəsilə qeydə alınıb. Hennamın sözlərinə görə, birləşən qara dəliklər indiyədək kütləsi dəqiq müəyyən edilən ən ağır obyektlərdir: birinci qara dəlik Günəşdən 103 dəfə, ikinci isə 137 dəfə ağırdır. Hər iki obyekt uzun müddət bir-birinin ətrafında Günəşin Yer ətrafında dövr etmə sürətindən 400 min dəfə daha sürətli fırlanıb. Bu, nəzəri olaraq belə obyektlər üçün mümkün olan maksimum sürət hesab olunur.

Alimlər bu qara dəliklərin böyük kütləsini və digər anormal parametrlərini daha kiçik qara dəliklərin birləşməsinin nəticəsi kimi izah edirlər. Hennam əlavə edib ki, gələcəkdə elmi-texniki bazanın inkişafı ilə daha böyük qara dəlik birləşmələrinin qeydə alınması gözlənilir. 1990-cı illərə qədər qara dəlikləri yalnız elektromaqnit şüalanma parametrlərini qeydə almaqla müşahidə etmək mümkün idi. Lakin qravitasiya dalğalarının aşkar edilməsi texnologiyası alimlərin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Yaxın 10-15 il ərzində dünya rəsədxanalarına yeni avadanlıqların tətbiqi alimlər üçün gözlənilməz sürprizlər gətirə bilər.

1992-ci ildə başlayan LIGO layihəsi, dünyanın 20-dən çox ölkəsini, o cümlədən ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Kanada, İsrail, Hindistan və Braziliyanı təmsil edən 40-a yaxın elmi-tədqiqat institutunu və 1,5 min alimi birləşdirir. Layihənin əsas məqsədi kosmik mənşəli qravitasiya dalğalarının eksperimental aşkar edilməsidir.

8
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)