Süni İntellekt
Səm Altman: İİ ilə yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilər
26
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizOpenAI-nin rəhbəri Səm Altman, ChatGPT və digər süni intellekt platformalarından istifadə edən istifadəçiləri, bu vasitələrdən psixoterapevt kimi istifadə etməzdən əvvəl iki dəfə düşünməyə çağırıb. Altman bu mövzuda Theo Vonun podkastında danışıb və bildirib ki, süni intellektlə aparılan yazışmalar hüquqi baxımdan tənzimlənmir. Halbuki, real psixoterapevt və həkimlərlə aparılan məsləhətləşmələr məxfilik qanunları ilə qorunur.
Altman qeyd edib ki, hazırda OpenAI bütün yazışmaları standart olaraq saxlayır. Hətta müvəqqəti söhbətlər belə şirkətin serverlərində 30 gün müddətində qalır. Əgər məhkəmə bu məlumatları tələb edərsə, şirkət onları təqdim etməyə məcbur olacaq. Bu, boşanma, qəyyumluq, əmək mübahisəsi kimi məhkəmə işlərində istifadəçinin ChatGPT ilə apardığı söhbətlərin sübut kimi tələb olunması ehtimalını yaradır.
Altman bu vəziyyəti haqsız sayır və qanunvericiləri mövcud reallıqlara uyğun qanunlar qəbul etməyə çağırır. Onun fikrincə, süni intellektlə həssas mövzularda aparılan yazışmalar da məxfilik qanunları ilə qorunmalıdır.
Talker Research və Vitamin Shoppe tərəfindən bu ilin iyul ayında keçirilən sorğuya əsasən, ABŞ-da böyüklərin təxminən 35%-i sağlamlıq və rifahla bağlı suallar üçün generativ süni intellekt xidmətlərindən istifadə edir. Respondentlərin 31%-i simptomlarını yoxlamaq və xəstəliklər haqqında məlumat axtarmaq üçün, təxminən 20%-i isə psixoterapevtik dəstək üçün bu platformalara müraciət edir.