Robot və Cihazlar
Unitree A2 Stellar Hunter: Çin şirkətindən yeni robot
41
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizÇin texnologiya şirkəti Unitree Robotics, A2 Stellar Hunter adlı dördayaqlı robotunu ictimaiyyətə təqdim edib. Xarici görünüşünə görə "mexaniki it"ə bənzəyən bu robotun çəkisi təxminən 37 kiloqramdır və dağlıq ərazilər daxil olmaqla müxtəlif çətin relyeflərdə sərbəst hərəkət edə bilir. Şirkətin yayımladığı videoda robotun bir ayağı üzərində fırlanaraq hərəkət etdiyi və dağlara qalxdığı aydın görünür. A2 Stellar Hunter 25 kiloqrama qədər yük daşımaq, statik vəziyyətdə isə 100 kiloqram ağırlığa dözmək imkanına malikdir.
Robotun enerji tutumu da təsir edicidir. Tam yüklə, 3 saat fasiləsiz işləyərək 12.5 kilometr məsafə qət edə bilir. Yüksüz halda isə, 5 saat ərzində 20 kilometr məsafəni fasiləsiz keçə bilir. Maksimal sürəti 5 metr/saniyə olan A2 həm də -20°C-dən +55°C-yə qədər temperatur şəraitində problemsiz fəaliyyət göstərə bilir. Robot ətraf mühiti daha dəqiq analiz edə bilmək üçün HD kamera və genişbucaqlı lidar sistemi ilə təchiz olunub.
Yeni modelin satış qiyməti hələ açıqlanmayıb. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Unitree şirkəti R1 adlı humanoid robotunu da təqdim etmişdi. Cəmi 5900 ABŞ dolları (təxminən 472 min rubl) qiymətində təklif edilən bu model səs və görüntü tanıma qabiliyyətinə malik multimodal süni intellekt sistemi ilə təchiz olunmuşdu.