Xəzər dənizində rəqəmsal infrastruktur layihəsi üçün tədqiqat işlərinə start verildi
23
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizXəzər dənizi üzərindən keçən Transxəzər optik-fiber kabel xətti layihəsi çərçivəsində dənizdə marşrut tədqiqatlarına start verilib. Bu layihə, Avropa və Asiya arasında yeni rəqəmsal koridorun yaradılmasını hədəfləyən "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) təşəbbüsünün əsas elementlərindən biridir.
Tədqiqat işləri çimərlik ərazilərinin təhlilini və dəniz dibinin ətraflı öyrənilməsini əhatə edir. Bu işlər strateji əhəmiyyətə malik layihənin ən qısa, təhlükəsiz və ekoloji cəhətdən davamlı marşrutunu müəyyənləşdirmək məqsədini daşıyır. Azərbaycan və Qazaxıstanda eyni vaxtda başlayan bu araşdırmaların dörd həftə davam edəcəyi gözlənilir.
AzerTelecom şirkətinin İdarə Heyətinin sədri Emil Məmmədov və şirkətin rəhbərliyi bu işlərin həyata keçiriləcəyi "Türkan" gəmisini ziyarət edib. Onlar gəminin texniki imkanları və müasir avadanlıqları ilə tanış olublar. Gəmi heyəti və mühəndislərlə görüş zamanı Emil Məmmədov layihənin strateji əhəmiyyətini vurğulayıb: "Transxəzər optik-fiber kabel xətti layihəsi çərçivəsində işlər sürətlə davam edir və marşrut tədqiqatlarının başlanması ilə biz tikintinin əsas mərhələsinə keçirik. Bu layihə Xəzər dənizini qlobal rəqəmsal infrastrukturun mühüm hissəsinə çevirəcək və regional rəqəmsal əlaqələri gücləndirəcək. Əminəm ki, həm Azərbaycan, həm də Qazaxıstan tərəfi işləri müəyyən edilmiş cədvələ uyğun şəkildə uğurla tamamlayacaq."
Layihə çərçivəsində Xəzər dənizinin dibi ilə Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında uzunluğu 380 kilometr olan sualtı fiber-optik kabel xətti çəkiləcək. Planlaşdırılan buraxılış qabiliyyəti 400 Tbit/s-ə qədər olan bu xətt böyük həcmli məlumatların ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Layihənin icraçısı Azərbaycan tərəfindən AzerTelecom, Qazaxıstan tərəfindən isə Kazakhtelecom şirkətidir. Layihənin texniki nəzarəti və məsləhət dəstəyi ABŞ-ın Pioneer Consulting şirkəti tərəfindən həyata keçirilir.
Transxəzər optik-fiber kabel xətti "Rəqəmsal İpək Yolu" layihəsinin vacib hissəsidir. Bu rəqəmsal telekommunikasiya koridoru Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçərək yüksək ötürmə qabiliyyətinə və minimal məlumat gecikməsinə malik optimal və qısa marşrut yaradacaq. Layihə regional əməkdaşlığı və davamlı inkişafı təşviq edəcək.
AzerTelecom şirkəti Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olaraq topdan operator səviyyəsində rabitə xidmətləri, rəqəmsal və digər həllər təqdim edir. Şirkət, NEQSOL Holding-in bir hissəsi olan Azerconnect Group-a daxildir. AzerTelecom həm yerli, həm də beynəlxalq səviyyədə sürətlə inkişaf edərək, İKT sektorunda innovativ texnologiyaları tətbiq edir və davamlı inkişafa töhfə verir.
Kazakhtelecom isə Qazaxıstanın ən böyük telekommunikasiya şirkəti və milli rabitə operatorudur. Şirkət sabit telefon rabitəsi, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təklif edir.