Azərbaycanda Süni İntellekt Akademiyası açıldı - Tech Xəbər

Süni İntellekt

Azərbaycanda Süni İntellekt Akademiyası açıldı

8
Link kopyalandı

23

09.09.2025, 05:49

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi Sentyabrın 8-də keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Açılışda akademiyanın fəaliyyət planı, təhsil proqramları və süni intellekt ekosisteminin inkişafı ilə bağlı hədəflər təqdim olunub. İştirakçılar yaradılmış tədris mühiti ilə tanış olub, tələbələrlə gələcək planlar və gözləntilər barədə fikir mübadiləsi aparıblar.

Akademiyanın təməli “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”na əsasən qoyulub. AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək mərkəz, ölkədə rəqəmsal transformasiyanı sürətləndirmək və regionda süni intellekt təhsili sahəsində lider mövqeyə yüksəlmək məqsədi güdür. Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti kimi nüfuzlu universitetlərin təcrübəsinə əsaslanır.

Akademiyanın akademik heyəti süni intellekt sahəsində geniş təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Qlobal elmi mühitə inteqrasiya məqsədilə dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıqlar qurulub. Bu çərçivədə tanınmış professorlar və alimlər akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaq. Akademiya həmçinin elmi-tədqiqat işləri və innovativ layihələrin hazırlanması istiqamətlərinə önəm verir. Burada gənclər startap ideyaları üzərində işləmək, tətbiqi layihələrdə iştirak etmək və beynəlxalq təcrübədən faydalanmaq imkanları əldə edəcəklər.

Açılış mərasimində süni intellekt geniş dil modeli prototipi də təqdim olunub. Bu model 10 milyard token və 1.2 milyon sintetik məlumat üzərində öyrənmə ilə yaradılıb. Layihə Azərbaycanın suveren süni intellekt potensialını nümayiş etdirmək və milli innovasiya ekosistemini gücləndirmək məqsədini daşıyır. Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov akademiyanın strateji əhəmiyyətini vurğulayaraq, onun yeni nəsil mütəxəssislərin yetişdirilməsi və Azərbaycanın qlobal süni intellekt xəritəsində mövqeyinin möhkəmləndirilməsi üçün mühüm olduğunu bildirib.

Akademiya tam təqaüdlü tədris proqramları təqdim edir. Proqramlara qəbulun növbəti mərhələləri və yeniliklər barədə məlumatlar “AI Academy”nin rəsmi veb-saytı və sosial media hesablarında yayımlanacaq.

8
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)