Süni İntellekt
Braziliya süni zəkanın inkişafı üçün 4.2 milyard dollar investisiya ayırır
2
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizBraziliya hökuməti süni zəkanın inkişafını sürətləndirmək məqsədilə 4.2 milyard dollar həcmində investisiya ayırmağı planlaşdırır. Bu addım Petropolis şəhərində yerləşən Milli Elmi Hesablama Laboratoriyasındakı Santos Dumont superkompüterinin təkmilləşdirilməsi ilə başlayacaq. Bu təşəbbüs Brazilian Artificial Intelligence Plan (BPIA - Braziliya Süni Zəkanın İnkişaf Planı) proqramı çərçivəsində həyata keçirilir. Braziliya, dünyadakı ən güclü 5 superkompüterdən biri olacaq səviyyədə süni zəka superkompüteri yaratmağı hədəfləyir. Yeni superkompüter yerli süni zəka modellərinin öyrədilməsinə xidmət edəcək.
“The Dannemann Siemsen Institute” (IDS) resursunun məlumatına görə, “Hamının xeyri üçün süni zəka” adlı BPIA layihəsi Braziliyanı süni zəka texnologiyaları sahəsində dünya liderləri sırasına çıxarmağı hədəfləyir. Layihə özəl sektor və müxtəlif qurumlarla əməkdaşlıq çərçivəsində hazırlanıb və süni zəkanın səhiyyə, təhsil, ictimai təhlükəsizlik, enerji kimi sahələrdə inkişafını və tətbiqini nəzərdə tutur.
BPIA proqramı üçün ayrılan investisiyalar özəl sektordan, Elmi-Texnoloji İnkişaf üzrə Milli Fond (FNDCT), Elm, Texnologiya və İnnovasiyalar Nazirliyinə bağlı Finep (Tədqiqat və Layihələrin Maliyyələşdirilməsi Fondu) təşkilatından, həmçinin Milli İqtisadi və Sosial İnkişaf Bankından (BNDES) gələcək. Ümumilikdə, 2025-2028-ci illər ərzində proqramın həyata keçirilməsi üçün 23 milyard real (təxminən 4.2 milyard dollar) ayrılacaq.
Plan iki əsas mərhələdən ibarətdir: “Təcili təsir tədbirləri” və “Strukturlaşdırma tədbirləri”. İnvestisiyaların əsas hissəsi “Təcili təsir tədbirləri” mərhələsinə yönəldiləcək. Bu mərhələdə 31 təşəbbüs həyata keçiriləcək və onlar səhiyyə, kənd təsərrüfatı, ətraf mühit, sənaye, ticarət, təhsil, sosial inkişaf və dövlət xidmətlərinin idarə olunması kimi sahələrdə konkret problemlərin həllinə yönələcək.
Santos Dumont superkompüterinin təkmilləşdirilməsi üçün 1.8 milyard real (322 milyon dollar) ayrılacaq. Bu təkmilləşdirmə, hesablama gücünü 4 dəfə artırmağa imkan verəcək. Əsas təchizatçı Eviden şirkəti olacaq. 2015-ci ildə Eviden tərəfindən quraşdırılan Santos Dumont superkompüteri əvvəlcə 1.1 petaflops məhsuldarlığa malik idi. 2019-cu ildə aparılan təkmilləşdirmə ilə onun məhsuldarlığı 1.5 petaflops-a çatdırıldı. Sonuncu yenilənmə isə 2025-ci ilin iyul ayında tamamlanıb və superkompüterin məhsuldarlığını 18.85 petaflops-a qədər artırıb.