ChatGPT-dən istifadənin gizli riskləri aşkarlandı - Tech Xəbər

Süni İntellekt

ChatGPT-dən istifadənin gizli riskləri aşkarlandı

10
Link kopyalandı

19

23.06.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Massachusetts Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan tədqiqat nəticəsində böyük dil modellərindən, xüsusilə də ChatGPT kimi süni intellekt alətlərindən tez-tez istifadənin tənqidi düşüncəni zəiflədə biləcəyi müəyyən edilib. Bu barədə arXiv platformasında dərc olunmuş yeni bir araşdırmada məlumat verilib. Tədqiqatda iştirak edən könüllülərin beyin fəaliyyəti esse yazma prosesi zamanı izlənilib.

Eksperimentdə 54 nəfər könüllü iştirak edib. Onlar üç qrupa bölünüb: birinci qrup esse yazarkən yalnız öz biliklərindən istifadə edib, ikinci qrup Google axtarış sistemindən yararlanıb, üçüncü qrup isə ChatGPT-nin köməyindən istifadə edib. İştirakçılar filantropiya mövzusunda 20 dəqiqəlik sessiyalar ərzində esse yazıblar və bu zaman onların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) vasitəsilə qeydə alınıb.

Nəticələr göstərib ki, ən yüksək beyin fəaliyyəti yalnız öz biliklərindən istifadə edən qrupda müşahidə olunub. Orta səviyyədə beyin aktivliyi axtarış sistemindən istifadə edənlərdə qeydə alınıb, ən aşağı səviyyə isə ChatGPT-dən yararlanan qrupda müşahidə edilib. Bir neçə ay sonra keçirilən təkrar testlərdə ChatGPT-dən istifadə etmiş iştirakçıların yaddaş və neyron aktivlik göstəricilərinin daha aşağı olduğu müəyyən edilib. Bu nəticələr, “alətlərdən” istifadə etməyən qrupla müqayisədə nəzərə çarpıb.

Eyni zamanda, sorğular iştirakçıların ChatGPT ilə yazdıqları mətnlərə daha az bağlılıq hiss etdiklərini və məzmunu daha zəif yadda saxladıqlarını ortaya qoyub. Esse qiymətləndirmələri və mətn analizi nəticələri göstərib ki, süni intellektdən istifadə edən iştirakçılar daha zəif nəticələr göstəriblər. Araşdırmanın müəllifləri xəbərdarlıq edirlər ki, süni intellekt alətləri yazını asanlaşdırsa və sürətləndirsə də, onlardan tez-tez istifadə edilməsi öyrənmə dərinliyini azalda və tənqidi düşüncə qabiliyyətini zəiflədə bilər.

Bu araşdırma süni intellektin faydaları ilə yanaşı, onun insan düşüncəsinə mümkün təsirlərini də nəzərdən keçirməyin vacibliyini bir daha vurğuladı. Alimlər gələcəkdə bu sahədə daha geniş miqyaslı tədqiqatların aparılmasının əhəmiyyətini qeyd edirlər.

10
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)