Süni İntellekt
Danimarka AI Dərin Saxtakarlıqlara Qarşı Şəxsi Görünüşə Müəllif Hüququ Tanımağı Təklif Edir
12
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizDanimarka hökuməti, süni intellekt (AI) texnologiyalarının yaratdığı dərin saxtakarlıqlara qarşı mübarizə məqsədilə vətəndaşlara öz görünüşləri, üz cizgiləri və səsləri üzərində müəllif hüquqları tanımağı nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu təşəbbüs, xüsusilə insanların razılığı olmadan onların görüntülərinin və səslərinin AI vasitəsilə yayılmasını qadağan etməyi hədəfləyir.
Danimarkanın mədəniyyət naziri Yakob Engel-Şmidt "The Guardian" qəzetinə açıqlamasında qeyd edib ki, "Bu qanun layihəsində biz birmənalı olaraq bəyan edirik ki, hər kəsin öz bədəni, səsi və üz cizgiləri üzərində hüququ var. Mövcud qanunların generativ süni intellekt qarşısında insanları kifayət qədər qorumadığı aydın görünür."
Mədəniyyət Nazirliyi bu yay qanun layihəsini ictimai müzakirəyə təqdim etməyi planlaşdırır. Qanun qüvvəyə minərsə, ona əməl etməyən onlayn platformalara ciddi cərimələr tətbiq ediləcək. Bununla belə, qanun layihəsində parodiya və satiranın bu tənzimləmələrdən təsirlənməyəcəyi vurğulanır.
Bu addımlar, süni intellekt vasitəsilə yaradılan dərin saxtakarlıqların getdikcə daha çox yayılması fonunda atılır. Belə görüntülər məşhurları, məsələn, pop ulduzu Teylor Svift və hətta Papa Fransiski belə hədəfə alıb. Həmçinin, adi insanların da bu texnologiyadan təsirlənməsi halları artmaqdadır. 2025-ci ilin aprel ayında 200-dən çox musiqiçi, o cümlədən Billi Ayliş və Cey Balvin, musiqi sənayesində səsin AI ilə klonlaşdırılmasına qarşı çıxış edərək açıq məktub imzalayıblar.
Danimarkanın bu təşəbbüsü digər ölkələrin oxşar qanunvericilik addımlarını izləyir. Məsələn, ABŞ-da 2025-ci ilin may ayında qəbul edilən "Take It Down Act" adlı qanun, razılıq olmadan yaradılan dərin saxtakarlıq görüntülərini cinayət hesab edir və sosial media platformalarına belə materialları 48 saat ərzində silməyi məcbur edir.