Süni İntellekt
IKEA-nın süni intellektlə hazırlanmış yeni reklamı böyük marağa səbəb oldu
17
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizX (əvvəllər Twitter kimi tanınan platforma) üzərində yayımlanan bir video qısa zamanda geniş maraq doğurdu. Bu video məşhur mebel brendi IKEA üçün hazırlanmış reklam görüntüsüdür. Lakin onu xüsusi edən məqam onun ənənəvi çəkiliş qrupları ilə deyil, adi bir istifadəçinin süni intellekt vasitəsilə, Google-un Veo 3 adlı yeni video generator modeli ilə yaratmasıdır.
Videoda IKEA loqolu böyük bir qutu yer alır. Kamera hərəkətsizdir, fon musiqisi mövcud deyil və hər şey real çəkiliş təəssüratı yaradır. Qutu tədricən açılır, içindəki mebel hissələri boş otaqda yığılır və bir neçə saniyə ərzində tam skandinav stili ilə dizayn edilmiş bir yataq otağı ortaya çıxır. Sadə süjetə baxmayaraq, görüntü və işıq effektləri o qədər keyfiyyətlidir ki, onu süni intellektlə hazırlandığını anlamaq çətindir.
Videonu paylaşan istifadəçi @Salmaaboukarr paylaşımında sadəcə “IKEA reklamı üçün süni intellektlə çəkdiyim video” qeydi əlavə edib. Video qısa zamanda bir milyondan çox baxış toplayıb və minlərlə bəyənmə, şərh və yenidən paylaşım əldə edib. Bir çox istifadəçi videonun bu qədər real görünməsinin sirrini soruşub.
Bu maraqdan ilhamlanan digər istifadəçilər də eyni modeli tətbiq edərək öz IKEA reklamlarını hazırlayıblar. Bəziləri isə süni intellektə verilən tapşırıqları (promtları) paylaşaraq digərlərinə yol göstəriblər. Məsələn, “kameranı hərəkətsiz saxla”, “otaqda yalnız təbii günəş işığı olsun” və “IKEA qutusu loqosu ilə birlikdə görünsün” kimi təlimatlar videonun uğurlu alınmasında mühüm rol oynayıb.
Google-un təqdim etdiyi Veo 3 süni intellekt modeli yaxın zamanda istifadəyə verilib və artıq “reklam çəkilişlərinin gələcəyi” kimi təqdim olunur. Bu model yalnız təsvir əsasında video yaratmaqla kifayətlənmir, həm də səsləri, hərəkətləri və kino effekti hissini əlavə edə bilir. Veo 3 hazırda yalnız bəzi ölkələrdə ödənişli abunə ilə əlçatandır və istifadəçilərə gündəlik maksimum 8 saniyəlik video yaratmaq imkanı təqdim edir.
Bu hadisə süni intellektin artıq yalnız texnoloji ekspertlər və iri şirkətlər üçün deyil, adi istifadəçilər üçün də güclü yaradıcılıq alətinə çevrildiyini bir daha sübut edir. Sadəcə bir tapşırıq və təsəvvür gücü ilə hər kəs peşəkar reklam istehsal edə bilər.