Süni İntellekt
OpenAI-nin GPT-5 Modeli Kibertəhlükəsizlikdə Yeni Nailiyyətlərə İmza Atır
2
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizOpenAI tərəfindən təqdim edilən GPT-5 adlı süni intellekt modeli kibertəhlükəsizlik sahəsində böyük irəliləyişlərə nail olub. XBOW adlı tədqiqat şirkətinin apardığı yeni araşdırma nəticəsində məlum olub ki, GPT-5 əvvəlki modellərlə müqayisədə iki dəfədən artıq effektivlik nümayiş etdirib. Tədqiqat zamanı süni intellektdən test obyektlərində mövcud zəiflikləri aşkarlamaq və onların istismar imkanlarını analiz etmək tələb olunub. Daha sonra neyron şəbəkəsinin effektivliyi və nəticələri ölçülüb.
OpenAI, GPT-5 modelini əvvəlki versiyalardan yalnız mülayim təkmilləşdirmələrə malik bir yenilik kimi təqdim etsə də, XBOW-un avtonom penetrasiya test platformasına inteqrasiyası onun əsl potensialını üzə çıxarıb. Bu platforma istifadəçilər üçün (eksperimentdə istifadəçi kimi süni intellekt çıxış edib) müxtəlif sistemləri sındırmaq üçün şərait yaradan bir simulyatordur.
XBOW-un testləri göstərib ki, GPT-5 modeli real sistemlərdə zəiflikləri əvvəlki modellərə nisbətən daha sürətli və dəqiq aşkarlayır. Xüsusilə, GPT-5 bir test dövründə zəifliklərin 70%-ni aşkar edə bilib, halbuki, əvvəlki model bu göstəricini yalnız 23%-ə çatdırmışdı. Bu nailiyyət mürəkkəb zəifliklərin, o cümlədən fayl əldəetmə, server sorğuları və veb-saytlararası skriptləşdirmə kimi problemlərin daha dəqiq aşkarlanması və yanlış siqnalların azalması ilə bağlıdır.
Bundan əlavə, GPT-5 modeli exploit (istismar proqramları) yaratmaq üçün daha az iterasiya tələb edib — 17 dəfə, əvvəlki modeldə isə bu rəqəm 24 idi. Süni intellekt daha mürəkkəb hücumlar həyata keçirib və yüksək dəqiqliklə işləyib. HackerOne platformasında aparılan testlər də göstərib ki, GPT-5 eyni vaxt ərzində əvvəlki modellərə nisbətən iki dəfə çox hədəfə uğurla hücum edib.
Mütəxəssislər bildirir ki, bu uğurun əsas səbəbi GPT-5-in XBOW kimi güclü bir platformaya inteqrasiyasıdır. Bu platforma xüsusi alətləri, agentlərin komanda şəklində işləməsini və proseslərin koordinasiyasını təmin edir. Belə bir mühit, OpenAI-nin izolyasiya olunmuş testlərində görünməyən potensialı ortaya çıxarıb. Təkmilləşmələr, əsasən, GPT-5-in inkişaf etmiş məntiqi düşünmə qabiliyyəti və mürəkkəb komanda ardıcıllıqlarını yaratma bacarığı ilə əlaqələndirilir. Bu xüsusiyyətlər onu zəiflikləri aşkar etmək üçün xüsusilə effektiv edir.
Qeyd edək ki, bundan əvvəl Daxili İşlər Nazirliyi sosial şəbəkə hesablarının sındırılması ilə bağlı nəticələr barədə məlumat vermişdi.