Elm və Kosmos
Samanyolu qalaktikasında nəhəng və sirli molekulyar bulud kəşf edildi
20
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizAstronomlar Samanyolu qalaktikasında əvvəllər məlum olmayan nəhəng molekulyar bulud kəşf ediblər. Uzunluğu 200 işıq ili olan bu sıx qaz və toz yığını "Midpoint" (ingilis dilindən tərcümədə "Orta nöqtə") adlandırılıb. Bulud, Samanyolu qalaktikasının mərkəzi hissələrinə aparan tozlu zolaqda yerləşir.
Day.Az xəbər verir ki, bu iş "The Astrophysical Journal" (AstroJournal) jurnalında dərc olunub. Kəşf ABŞ-ın ən böyük radioteleskoplarından biri olan Green Bank (NSF GBT) vasitəsilə həyata keçirilib. Alimlər ammonyak və sianobutadiyen molekullarını tədqiq edərək, ulduzların yaranması üçün lazım olan sıx qazın mövcudluğunu müəyyən ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, "Midpoint" sadəcə bir bulud deyil, GMC (Giant Molecular Cloud - Nəhəng Molekulyar Bulud) adlanan yüksək sıxlıqlı maddə ilə dolu bir strukturdur.
"Biz bu strukturu əvvəllər mövcud olduğunu belə təxmin etmirdik," - məqalənin əsas müəllifi Natali Batterfild bildirib. "Radioteleskopu bu səma sektoruna yönəltdiyimiz zaman dərhal anladıq ki, qarşımızda sıx və aktiv bir region var. Onun ölçülərini, kütləsini və sıxlığını müəyyən etdik və bütün bunlar onun həqiqi bir GMC olduğunu göstərirdi."
"Midpoint" buludunda ammonyakla əlaqəli təbii "mazer" (mikrodalğalı diapazonda lazerə bənzər təbii mənbə) aşkar edilib. Bu cür mənbələr adətən ulduz formalaşması proseslərinə işarə edir. Bununla yanaşı, buludda sıx qaz və toz yığınları da aşkarlanıb ki, bunlar gələcək ulduz "beşikləri" kimi qiymətləndirilir.
Lakin "Midpoint" yalnız bir maddə "anbarı" deyil. Onun strukturu güclü xarici proseslərin təsirinə işarə edir. Belə ki, buludun daxilində, ehtimal ki, ulduz partlayışı nəticəsində yaranmış bir qabıq tapılıb. Bu, ulduz "əks əlaqəsinin" sübutudur. Buludun daxilindəki qaz isə qalaktikanın mərkəzinə yaxın ərazilərdə tez-tez rast gəlinən şəkildə son dərəcə turbulent olub.
Bu buludun öyrənilməsi qalaktikanın diskindən onun mərkəzinə maddənin necə hərəkət etdiyini anlamağa kömək edəcək. Alimlərin sözlərinə görə, bu "toz və qaz çayları" qalaktikaların nüvələrini formalaşdıran və yeni ulduz nəsillərinin yaranmasına səbəb olan xammal axınını təşkil edir.