Süni İntellekt
Startaplar nə üçün İİ-ni 'iş yoldaşı' adlandırmaqdan çəkinməlidir?
23
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTechCrunch-un baş redaktoru Konni Loyzos süni intellekt (İİ) sənayesində son illərdə geniş yayılan tendensiyanı tənqid edib: İİ-nin insan kimi təqdim olunması, yəni onun antopomorfizasiyası. Loyzos öz məqaləsində startaplara müraciət edərək, neyron şəbəkələri 'iş yoldaşı' və ya 'əməkdaş' kimi reklam etməkdən çəkinməyə çağırıb. O, bu yanaşmanı həm marketinq səhvi, həm də cəmiyyət üçün potensial təhlükəli bir addım kimi qiymətləndirib.
Loyzos qeyd edir ki, bəzi şirkətlər öz məhsullarını proqram təminatı kimi deyil, insanın birbaşa əvəzi kimi təqdim edir. Məsələn, 'İİ köməkçisi', 'İİ proqramçısı', 'İİ əməkdaşı' kimi terminlərdən istifadə olunur. Loyzosun fikrincə, bu, əsasən iş yükündən yorulmuş menecerləri cəlb etmək üçün edilir. Lakin bu yanaşma insan faktorunu nəzərə almır və reallıqdan uzaqdır.
Müəllif konkret nümunələr gətirir. Məsələn, Atlog adlı startap öz məhsulunu mebel mağazaları üçün 'İİ əməkdaşı' kimi təqdim edir və onun 20 mağazanı müstəqil idarə edə biləcəyini iddia edir. Lakin şirkət, bu İİ-nin əvəz edəcəyi real işçilərin aqibəti barədə danışmamağa üstünlük verir. Digər bir nümunə isə Anthropic şirkətidir. Onlar öz neyron şəbəkələrinə Claude (Klod) kimi insan adı verərək, onu 'dost' kimi təqdim edir. Loyzos bu yanaşmanı manipulyativ adlandırır və sual edir: 'Siz məlumatlarınızı maşına, yoxsa 'dostunuz' Kloda etibar edərdiniz?'
Loyzos həmçinin vurğulayır ki, bu texnologiyanın inkişafı cəmiyyət üçün ciddi nəticələr doğura bilər. O, qeyd edir ki, Anthropic-in rəhbəri Dario Amodei yaxın 5 il ərzində 'ağ yaxalı' iş yerlərinin yarısının İİ tərəfindən əvəz ediləcəyini və işsizlik səviyyəsinin 20%-ə çatacağını proqnozlaşdırır. Loyzos xəbərdarlıq edir ki, İİ-nin 'işçi' kimi təqdim edilməsi daha çox insanın işsiz qalmasına gətirib çıxara bilər və bu, texnologiyaya qarşı cəmiyyətin mənfi münasibətini artıracaq.
Lakin Loyzos alternativ yanaşmanın mümkün olduğunu düşünür. O, IBM kimi şirkətlərin öz məhsullarını heç vaxt 'rəqəmsal iş yoldaşı' adlandırmadığını xatırladır. O dövrdə bu cihazlar sadəcə 'alət' kimi təqdim olunurdu. Loyzosun fikrincə, doğru yanaşma da məhz budur: İİ insanı əvəz etməməli, əksinə, onun potensialını artırmalı, məhsuldarlığını yüksəltməli və yaradıcılığını inkişaf etdirməlidir. Loyzos startapları məsuliyyətli olmağa və İİ-ni insanları gücləndirən bir alət kimi təqdim etməyə çağırır.