Süni İntellekt
Tesla Dojo layihəsini dayandırdı və yeni AI memarlığına keçid edir
21
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTesla şirkəti, 2021-ci ildə istifadəyə verdiyi və süni intellekt əsaslı avtonom idarəetmə sistemləri ilə humanoid robotların təlimini dəstəkləmək üçün nəzərdə tutulan Dojo adlı superkompüter layihəsini dayandırıb. Şirkət, bu layihədə çalışan komandanı yenidən təşkil edərək Nvidia və AMD çip istehsalçıları ilə daha sıx əməkdaşlığa keçməyə qərar verib.
Bloomberg agentliyinə istinadən AZƏRTAC-ın verdiyi məlumata görə, Tesla-nın təsisçisi Elon Mask Dojo layihəsinin inkişaf komandası ilə yollarını ayırdığını təsdiqləyib. Layihənin rəhbəri Piter Bennon və təxminən 20 əməkdaş Tesla-dan ayrılaraq DensityAI adlı yeni startapa qoşulub. Dojo proqramında qalan işçilər isə Tesla-nın hesablama sistemləri və məlumat emalı mərkəzləri ilə bağlı digər vəzifələrə keçid ediblər.
Elon Mask əvvəllər bu layihənin pilotsuz avtomobillər və humanoid robotlar üçün süni intellekt təlimi sahəsində əsas strategiya olacağını qeyd etmişdi. Lakin sonradan layihənin "təkamül dalanı"na çevrildiyini bildirib və AI6 adlı daha perspektivli bir memarlıq üzərində çalışdıqlarını vurğulayıb.
Dojo-nun ilkin versiyaları Nvidia GPU-ları və Tesla-nın D1 çiplərinin birləşməsindən istifadə edirdi. Planlaşdırılan Dojo 2 versiyası isə D2 adlı özəl çip əsasında işləməli idi. Lakin bu inkişaf xətti dayandırılıb və Tesla, TSMC və Samsung tərəfindən istehsal edilən AI5 və AI6 çiplərinə keçid edir. AI5 prosessoru sürücü yardım sistemi olan FSD üçün, AI6 isə həm bort məlumatlarının emalı, həm də genişmiqyaslı süni intellekt təlimi üçün nəzərdə tutulub.
Mask bildirib ki, hesablama tapşırıqlarını vahid memarlıqda birləşdirmək şəbəkə infrastrukturu və superkompüterlərin xərclərini azaltmağa kömək edəcək. Tesla, AI5/AI6 çipləri əsasında tamamilə yeni klasterlərdən ibarət Dojo 3 layihəsini nəzərdən keçirir. Mask bu variantı "şərti Dojo 3" adlandırıb.
Şirkət Dojo zavodunun tikintisinə təxminən 500 milyon dollar sərmayə yatırıb. Zavodun gələcək taleyi isə hələ də qeyri-müəyyəndir. Bununla yanaşı, 2024-cü ildə elan edilən və "real süni intellekt" problemlərini həll etmək üçün nəzərdə tutulan Cortex superklasterinin də aqibəti sual altındadır.