GEROPHARM şirkətinin elmi-tədqiqat mərkəzinin mütəxəssisləri uşaqlarda və yeniyetmələrdə piylənmənin tirzepatidlə müalicəsinə dair klinik tədqiqatların ilkin nəticələrini təqdim ediblər. Məlumatlar Avstriyada keçirilən Uşaqlarda Piylənmənin Öyrənilməsi üzrə Avropa Qrupunun (ECOG) beynəlxalq konqresində açıqlanıb.

Uşaqlarda piylənmə problemi Azərbaycan üçün də aktualdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) çərçivəsində aparılmış tədqiqata əsasən, ölkədə müayinə olunan səkkizyaşlı uşaqların 26,9%-də artıq çəki, o cümlədən piylənmə, 10,7%-də isə piylənmə qeydə alınıb. Bakıda bu göstəricilər daha yüksək olub: müvafiq olaraq 34,8% və 14,6%. Bu məlumatlar profilaktikanın, erkən diaqnostikanın və müasir müalicə yanaşmalarının inkişaf etdirilməsinin vacibliyini göstərir.
Bu baxımdan yeni müalicə üsullarının araşdırılması xüsusi əhəmiyyət daşıyır. GEROPHARM-ın klinik tədqiqat proqramına Rusiyanın 50-dən çox tibb mərkəzində təxminən 800 uşaq və yeniyetmə cəlb olunub. Tədqiqatların başlanğıcında iştirakçıların orta bədən çəkisi 95–97 kq təşkil edib, onların əksəriyyətində II–III dərəcəli piylənmə müşahidə olunub.

Təqdim edilən ilkin* nəticələrə əsasən, müalicənin ilk altı ayı ərzində bir çox iştirakçının bədən kütləsi indeksi (BKİ) təxminən 20% azalıb. Uşaqların təxminən 70%-i qidalanma vərdişlərini dəyişib, üçdə biri isə daha aktiv həyat tərzi keçirməyə başlayıb.
Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Pediatrlar İttifaqının prezidenti Leyla Namazova-Baranova müasir dərman preparatlarının effektivliyi və təhlükəsizliyi barədə etibarlı elmi məlumatların əldə olunması üçün uşaqlar və yeniyetmələr arasında klinik tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
*Təqdim olunan tədqiqat nəticələri ilkin xarakter daşıyır.
GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya sahələrində istifadə olunan dərman preparatları istehsal edir.
Azərbaycanda GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir və ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığın inkişafına töhfə verir.
Redaksiya qeydi: material GEROPHARM şirkətinin klinik tədqiqatların ilkin nəticələri barədə məlumatı əsasında hazırlanıb. Bu nəticələr uşaqlarda və yeniyetmələrdə piylənmənin müalicəsinin effektivliyinin və təhlükəsizliyinin təsdiqi kimi qiymətləndirilməməlidir. Təsvir olunan terapiya Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərdə piylənmənin müalicəsi üçün qeydiyyata alınmayıb. Material dərman vasitələrinin istifadəsi və ya özünümüalicə üçün tövsiyə deyil; müalicə barədə qərarı həkim verir.