Elm və Kosmos
Kepler-139 sistemində yeni qaz nəhəngi kəşf edilib
18
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizAstronomlar Kepler-139 ulduz sistemində yeni qaz nəhəngi kəşf ediblər. Bu sistem daha əvvəl dörd planetin mövcudluğu ilə tanınırdı. Onlardan biri qaz nəhəngi, digərləri isə Super Yer sinfinə aid planetlərdir. Yeni aşkar edilmiş planetin də qaz nəhəngi olduğu ehtimal edilir. Onun Yer kürəsindən 35 dəfə böyük olduğu müəyyən edilib. Bu planet, təxminən 1300 işıq ili uzaqlıqda yerləşən Kepler-139 ulduz sistemində müşahidə edilib. Əvvəllər Kepler kosmik teleskopu bu ulduzun ətrafında dörd planetin mövcudluğunu aşkarlamışdı. Lakin alimlər bu sistemdə daha çox planetin ola biləcəyini düşünürdülər.
Yeni planetin mövcudluğu məlum planetlərin orbitlərinin təhlili nəticəsində müəyyən edilib. Bu planet ulduz ətrafında bir tam dövrü 355 günə tamamlayır. Kepler teleskopu tranzit üsulu ilə Kepler-139 ulduzu ətrafındakı planetləri aşkarlamışdı. Bu üsul planetin ulduzun qarşısından keçdiyi zaman onun parlaqlığında yaranan azalmaları müşahidə etməyə əsaslanır. Alimlər planetlərin ulduza tətbiq etdiyi qravitasiya təsirini öyrənərək onların kütləsini müəyyən ediblər. Orbitlərdəki uyğunsuzluqlar bu sistemdə daha çox planetin mövcud olduğuna işarə edirdi. Ancaq Kepler teleskopunun texniki məhdudiyyətləri orbitləri əyilmiş və ulduzun qarşısından keçməyən planetləri görməyə imkan vermirdi.
Daha sonra astronomlar Kepler-139 sistemində dördüncü planetin - qaz nəhəngi Kepler-139e-nin mövcudluğunu təsdiqlədilər. Bu planet digər üç planetdən daha uzaqda yerləşir və onun orbital dövrü təxminən 5.5 Yer ilinə bərabərdir. Bütün planetlərin orbitlərinin və onların bir-birinə göstərdiyi qravitasiya təsirinin dəqiq ölçülməsi alimlərə daha bir planetin mövcudluğu barədə nəticə çıxarmağa imkan verdi. Bu nəhəng planet Kepler-139f adlandırılıb. O, qaz nəhəngi Kepler-139e ilə Super Yer olan Kepler-139c arasında yerləşir. Lakin bu planetin mövcudluğu hələlik yalnız dolayı sübutlarla təsdiqlənib.
Alimlər hesab edirlər ki, Kepler-139 ulduz sistemində hələ aşkar edilməmiş başqa planetlər də mövcud ola bilər. Onların Kepler-139c və Kepler-139b planetlərinin orbitləri arasında yerləşə biləcəyini düşünürlər. Hazırda astronomlar bu beşinci planetin mövcudluğunu birbaşa sübut etməyə çalışırlar. Daha müasir teleskoplar vasitəsilə digər gizli planetlərin də aşkarlanması mümkündür.