Elm və Kosmos
Nəyə görə biz heç zaman teleskoplar vasitəsilə Böyük partlayışı müşahidə edə bilməyəcəyik?
1
1
Süni İntellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz
Kosmosu müşahidə etmək həmişə keçmişə bir baxış deməkdir, lakin bu baxışın keçə bilmədiyi təbii sərhədlər mövcuddur. İşıq saniyədə 300 000 km sürətlə hərəkət edir və biz gördüyümüz hər şeyi əslində keçmişdə olduğu kimi müşahidə edirik. Gündəlik həyatda bu ciddi fərq yaratmasa da, kosmosa baxış zamanı bu amil böyük əhəmiyyət kəsb edir. Məsələn, biz Aya baxanda onun indiki vəziyyətini deyil, bir saniyə öncəki halını görürük. İşıq astronomlara kainatı araşdırmaqda, keçmişə nəzər salmaqda yardım edir. Bu müşahidələr sayəsində alimlər ulduzların, planetlərin və qalaktikaların milyardlarla il ərzində necə təkamül etdiklərini müəyyənləşdiriblər. Lakin biz keçmişə nə qədər dərindən baxsaq da, kainatın ən başlanğıc anını heç vaxt görə bilməyəcəyik. Bunun səbəbi işığın Böyük partlayışdan teleskoplara qədər sərbəst hərəkət edə bilməməsidir.
Astronomlar artıq kainatda sərbəst şəkildə hərəkət edə bilmiş ilk işığı kəşf ediblər. Bu işığa fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması) deyilir və Böyük partlayışın əks-sədasıdır. Təxminən Böyük partlayışdan 380 000 il sonra bu işıq kainatda sərbəst şəkildə hərəkət etməyə başladı. Bundan əvvəl işığın enerjisi çox yüksək idi, bu səbəbdən atomlar formalaşmağa başlayanda işıq bir elektrona hoparaq onu atom nüvəsindən ayırırdı. Bu proses kainatda geniş şəkildə baş verirdi. Yalnız kainat genişlənib soyuduqca atomlar maneəsiz şəkildə formalaşmağa başladı və bu an ilk işığın sərbəst hərəkət etməsinə şərait yarandı.
Fon radiasiyası işıq baxımından elektromaqnit şüalanması vasitəsilə kainatı öyrənmək imkanlarının son sərhədidir. Lakin kainatda işıqdan da uzağa çıxa bilən iki komponent mövcuddur: neytrino hissəcikləri və qravitasiya dalğaları. Neytrinolar kiçik kütləyə malikdir və elektrik yüklü deyil, buna görə də materiya ilə demək olar ki, heç bir qarşılıqlı təsirə malik deyillər. Alimlər hesab edirlər ki, Yerə çatan neytrinoların bir hissəsi Böyük partlayışdan qaynaqlanır. Bu hadisə neytrino fon radiasiyası adlanır.
Qravitasiya dalğaları isə supernova partlayışları və ya qara dəliklərin toqquşması nəticəsində yaranır. Kainatda qravitasiya dalğalarının fonu da mövcuddur. Bu dalğalar Böyük partlayışın təsirləri və kosmik inflyasiya kimi erkən həyat mərhələləri ilə bağlıdır. Neytrinoları və qravitasiya dalğalarını öyrənmək olduqca çətindir, buna görə alimlər Böyük partlayışdan gələn bu növ siqnalları birbaşa müşahidə etməyiblər. Bununla belə, son araşdırmalar onların mövcudluğuna işarə edir. Alimlər işığın müşahidə sərhədinə çatdıqda belə, bu sərhədi keçməyin mümkün yollarını axtarırlar.
1