Texnoloji İnkişaf

Sənaye 4.0 Forumu: Gələcəyin texnologiyası və insan kapitalı müzakirə olundu

1
Link kopyalandı

1

14.07.2025, 10:58

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz
İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib. Forumda dövlət və beynəlxalq qurumların nümayəndələri, həmçinin sahibkarlar iştirak ediblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını vurğulayıb. O, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf modelinin iqtisadiyyatın şaxələndirilməsinə və neft-qaz gəlirlərindən asılılığın azaldılmasına şərait yaratdığını bildirib. Bu yanaşma bilik və bacarıq tutumlu sahələrin inkişafına təkan verərək, dördüncü sənaye inqilabının elementlərinin tətbiqini sürətləndirir. Nazir qeyd edib ki, süni intellekt, böyük verilənlər, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həm də iqtisadiyyatların böyümə modelini dəyişdirən əsas amillərdir. Bu çərçivədə rəqəmsal iqtisadiyyatın inkişafı, sənaye və texnologiya parklarının yaradılması və rəqəmsallaşma təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Forumda 4SİM-in icraçı direktoru Fariz Cəfərov sənaye transformasiyası üçün biznes, texnologiya və təşkilati yanaşmadan bəhs edib. O, “Sənaye 4.0 Hazırlıq Proqramı” barədə ətraflı məlumat verib. Proqramın pilot mərhələsini uğurla başa vuran müəssisələrin nümayəndələri, o cümlədən “METAK” şirkətinin təsisçisi Alik Kərimov və “Azerfloat” şirkətinin baş direktoru Emil Həsənov çıxış edərək bu təşəbbüsün müəssisələrin fəaliyyətinə müsbət təsirindən danışıblar. Beynəlxalq ekspert Andres Kadoska isə dünyada transformasiya təşəbbüsləri və Sənaye 4.0 Mərkəzlərinin rolu barədə təqdimat edib. Tədbir çərçivəsində “Festo”, “Koç Digital”, “Honeywell” kimi texnologiya şirkətləri ilə yanaşı, yerli universitetlər və təşkilatlarla əməkdaşlıq sənədləri imzalanıb. Forum zamanı texnoloji həllərin nümayiş olunduğu sərgi də təşkil edilib. Bu sərgidə 10-dan çox yerli və beynəlxalq şirkət öz həllərini təqdim edib. Xüsusilə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sabah City” layihəsi maraqla qarşılanıb. Layihə startap inkubatorları, akseleratorlar və texnologiya transfer ofislərini bir araya gətirən innovasiya klasteri kimi təqdim olunub. “Sənaye 4.0 Forumu”nda panel müzakirələri də keçirilib. Burada müasir texnologiyaların tətbiqinin iqtisadi təsirləri və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində, həmçinin “NigArt” Rəsm Məktəbinin şagirdlərinin süni intellekt və robototexnika mövzusunda hazırladıqları əl işləri sərgilənib.
1
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00