Texnoloji İnkişaf
Özbəkistan mənşəli Uzum fintex ekosistemi: Azərbaycan bazarına “unikorn” daxil ola bilərmi?
...
Iluco Mutcnas
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizBəzi bazarlarda rəqəmsal transformasiya təkamül xarakteri daşıyır. Digərlərində isə bu proses üç vəzirli şahmat partiyasını xatırladır. Azərbaycan hazırda ikinci ssenaridədir.
Və getdikcə daha az hipotetik səslənən sual belədir: əgər özbək texnologiya “unicorn”u Uzum Azərbaycan bazarına daxil olsa, nə baş verər?
Startap dünyasında “unikorn” (unicorn) termini 1 milyard ABŞ dolları və ya daha yüksək qiymətləndirməyə (valuation) malik olan, lakin hələ birjada listinq olunmamış (yəni özəl qalan) şirkətlər üçün istifadə olunur. Termin təsadüfi deyil. Real həyatda “unicorn” mifoloji, nadir varlıqdır. Eyni şəkildə, vaxtilə 1 milyard dollarlıq özəl startap tapmaq çox nadir hal sayılırdı. Bu anlayışı 2013-cü ildə vençur investor Aileen Lee populyarlaşdırıb.
Uzum - məhz belə “unikorn”-lardandır. 2024-cü ildə Uzum, 1 milyard dollardan çox dəyərə malik Özbəkistan tarixində ilk unikorn texnologiya şirkəti oldu və 2025-ci ildə dəyərini 1,5 milyard dollara çatdırdı.
Yeni oyunçu, yoxsa yeni bazar məntiqi?
Uzum sadəcə marketplace deyil. Bu, e-commerce + fintech + logistika + taksit + kart + bank modelindən ibarət inteqrə olunmuş ekosistemdir. Özbəkistanda şirkət alış, ödəniş və çatdırılmanı ayrı-ayrı mərhələlər kimi deyil, vahid qapalı sistem kimi qurmağı bacarıb.
Azərbaycan isə artıq “sadə onlayn mağazalar” mərhələsini geridə qoyub. Nağdsız ödənişlər, mobil cüzdanlar və fintech ekosistemləri sürətlə inkişaf edir. Bazar rahatlığa alışıb. Amma o, Uzum səviyyəsində tam formalaşmış super-ekosistemə hazırdırmı?
Lokal ağır çəkililər: bazar boş deyil
Xarici oyunçu üçün əsas maneə qanunvericilik və ya logistika deyil. Əsas maneə artıq mövcud olan ekosistemlərdir.
Azərbaycanda hazırda “commerce + fintech” modeli Bir ekosistemi ətrafında formalaşıb. Bu struktur Birmarket (keçmiş Umico), Birbank, m10 və digər xidmətləri birləşdirir. Ödənişlər, bonus proqramları, taksit mexanizmləri, tərəfdaş şəbəkələri — artıq inteqrasiya olunmuş rəqəmsal platforma mövcuddur.
Uzum bazara daxil olarsa, o, təkcə marketplace ilə deyil, ekosistemlə rəqabət aparmalı olacaq. Bu isə fərqli oyundur.
Trendyol da artıq ölkədə mövcuddur və Türkiyədən birbaşa çatdırılma modeli ilə qiymət təzyiqi yaradır. tap.az və lalafo kimi elan platformaları C2C seqmentində ciddi paya sahibdir. Bazar parçalanıb, lakin zəif deyil.
Uzum-un üstünlükləri
Operativ intizam və logistika təcrübəsi. Uzum eyni vaxtda logistika və fintech modelini miqyaslandırmağı bacardığını sübut edib. Bu nadir kombinasiyadır.
Ekosistem yanaşması. Bir çox marketplace fintech-i əlavə funksiya kimi təqdim edir. Uzum isə başlanğıcdan maliyyə-ticarət inteqrasiyası üzərində qurulub.
Oxşar inkişaf mərhələsində olan bazar təcrübəsi. Azərbaycan və Özbəkistan rəqəmsal inkişaf baxımından oxşar trayektoriyaya malikdir. Bu, ağır bürokratik maneələrə malik yüksək tənzimlənən Qərb bazarı deyil. Burada dinamika daha sürətlidir.
Risk və məhdudiyyətlər
Etimadın lokallaşdırılması. Azərbaycan istifadəçisi konkret bank və brendlərlə formalaşmış güvən modelinə malikdir. Bu etimadı marketinq büdcəsi ilə dərhal qazanmaq mümkün deyil.
Maliyyə tənzimləməsi. Əgər Uzum öz fintech modelini tam şəkildə tətbiq etmək istəsə, bu, sadəcə marketplace açmaqdan daha mürəkkəb olacaq.
Hazır ekosistem rəqabəti. Bir ekosistemi artıq ödəniş, kredit və loyallıq mexanizmlərini vahid sistemdə təqdim edir. Uzum bazara daxil olarsa, “oxşar” deyil, “daha yaxşı” model təklif etməlidir.
Kim qazanacaq?
Ən böyük qalib istehlakçı olacaq.
Belə miqyaslı rəqabət adətən aşağıdakılara gətirib çıxarır:
– qiymətlərin optimallaşması
– çatdırılma sürətinin artması
– məhsul çeşidinin genişlənməsi
– daha çevik taksit və bonus proqramları
Logistika şirkətləri və fintech platformaları da potensial tərəfdaş kimi fayda əldə edə bilər.
Kim təzyiq hiss edəcək?
Ən əvvəl Birmarket və digər lokal marketplace-lər. Çünki Uzumun əsas gücü məhz onların fəaliyyət göstərdiyi seqmentdədir.
Elektronika və məişət texnikası pərakəndə şəbəkələri də marja təzyiqi ilə üzləşə bilər. Güclü logistika və subsidiyalı çatdırılma modeli bazar balansını dəyişə bilər.
Bu nə qədər realdır?
Qısamüddətli perspektivdə daha real ssenari cross-border satış modeli ilə bazarın test edilməsidir. Tam fintech ekosisteminin qurulması isə daha çox orta müddətli strategiyaya uyğundur.
Azərbaycan e-commerce bazarı artıq sadə onlayn vitrin deyil. Bu, istifadəçinin rəqəmsal davranışı uğrunda mübarizədir. Əgər Uzum daxil olarsa, bazar dağılmayacaq. O, sürətlənəcək.
Son olaraq bir məqam xüsusilə real görünür: əgər Uzum Azərbaycan bazarına daxil olmaq istəsə, böyük ehtimalla bunu təkbaşına deyil, tərəfdaşlıq modeli ilə edəcək. Bu isə əsas sualı gündəmə gətirir: potensial tərəfdaş kim ola bilər? Mövcud güclü ekosistem — Birmarket və onun fintech infrastrukturu? Yoxsa daha müstəqil və trafik baxımından güclü elan platformaları — tap.az və lalafo kimi oyunçular? Alternativ olaraq, tamamilə fərqli bir holdinq və ya maliyyə qrupu ilə strateji ittifaq ssenarisi də mümkündür. Seçiləcək model təkcə bazara giriş sürətini deyil, həm də rəqabət balansını və gələcək ekosistem arxitekturasını müəyyən edəcək.